Viza Tələbləri

Azərbaycan Respublikasında 10 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.


Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi (“qəbul edən tərəf”) əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 10 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun (digər sərhədkeçmə sənədinin) surətini (viza səhifəsi və ölkəyə son girişi göstərilmiş səhifələr daxil olmaqla) Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin internet informasiya ehtiyatı (www.migration.gov.az), elektron poçt (qeydiyyat@migration.gov.az) vasitəsi ilə və ya şəxsən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə təqdim etməlidir.


Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də olduğu yer üzrə qeydiyyata alınmaları üçün yuxarıda müəyyən olunmuş qaydada müraciət edə bilərlər.

 

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir.


Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin alınması (müddətinin uzadılması) üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

  • Nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizə-anket;
  • Pasportun və ya digər sərhədkeçmə sənədinin surəti (pasportun və ya digər sənədin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan müvəqqəti yaşama icazəsinin müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır);
  • Doğum haqqında şəhadətnamənin və ya ona bərabər tutulan digər sənədin notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmayan şəxslər üçün);
  • Müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas olan halların mövcudluğunu notariat qaydasında və ya ona bərabər tutulan qaydada təsdiq edən sənəd;
  • Müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı (insanın immunçatışmazlığı virusu infeksiyası və B və C hepatitləri) olmaması haqqında arayış;
  • Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama hüququ verən sənədin surəti;
  • İqtisadiyyat, sənaye, müdafiə, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olan əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasına dəvət edən idarə, müəssisə və təşkilatın əsaslandırılmış vəsatəti;
  • 3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil;
  • Qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd);
  • Əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
  • Əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
  • Dövlət rüsumunun ödənilməsi barədə sənəd.


Dövlət rüsumunun ödənilməsi barədə sənəd Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edildiyi zaman verilir.