Mübadilə proqramları

Erasmus+ mübadilə programı


Erasmus+ mübadilə proqramı Erasmus+ əməkdaş universitetlər arasında tələbə, akademik və inzibati heyətin mübadiləsini həyata keçirir. Erasmus+ proqramı ilə xarici ölkələrdə təhsil almaqla, tələbələr ünsiyyət və dil bacarıqlarını inkişaf etdirə və gələcək məşğulluqları üçün vacib olan bir sıra bacarıqlara yiyələnə bilərlər. Proqram çərçivəsində bakalavr, magistr pillələrində təhsil alan tələbələr və eləcə də akademik və inzibati heyət mübadilədə iştirak edə bilərlər.

 

Davam etmə müddəti


Mübadilə müddəti 3 aydan (1 semestr) 12 aya (2 semestr) qədər davam edə bilər.

 

Şərtlər


Erasmus+ çərçivəsində təhsili davam etdirmək üçün ali təhsil müəsisəsində ixtisas üzrə uyğunluq gözlənilməklə qeydiyyatdan keçilməlidir. Bunun üçün tələbələr ən azı II kursda təhsil almalıdır. Seçilən təhsil sahəsi tələbənin öz universitetində keçdiyi ixtisas və tədris proqramı ilə əlaqəli olmalı, şəxsi inkişafa yönəlməlidir.

 

Maddi dəstək


Erasmus+ mübadilə proqramı tərəfindən tələbələrin səyahət və yaşayış xərcləri qarşılanır. Bu xərcləri əhatə edən təqaüd ölkədən, ölkələrarası məsafədən, təqaüdə müraciət edən tələbələrin sayından asılı olaraq dəyişə bilər. Erasmus+ mübadilə tələbələri təhsil aldıqları müddət ərzində təhsil haqqı, qeydiyyat, imtahan, eləcə də laboratoriyalardan və kitabxanadan istifadə etmək xərclərindən azad olur.

 

Necə müraciət etməli

 

Mübadilə proqramına beynəlxalq və ya universitetinizdə fəaliyyət göstərən Erasmus+ ofisi vasitəsi ilə müraciət edə bilərsiniz.

 

ADNSU-da Erasmus+


2015-ci ildən bəri Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Erasmus+ Beynəlxalq Kredit Mobilliyi proqramı çərçivəsində müxtəlif xarici universitetlərlə əməkdaşlıq əlaqələrini gücləndirməyə çalışır. Universitet əməkdaşlıq əlaqələrini genişləndirməyi və irəliləyən semestrlərdə tələbələr üçün yüksək səviyyəli təhsilin təqdim olunmasını planlaşdırır. Universitetimiz Böyük Britaniyanın Lester Universiteti, Türkiyənin Orta Doğu Texniki Universiteti (ODTU) ilə tələbə mübadiləsini həyata keçirir. Universitetlərin hər hansı birinə müraciət etmək istəyənlər Beynəlxalq Əməkdaşlıq Şöbəsinə yaxınlaşa bilər.

 

Mevlana mübadilə programı


Mevlana mübadilə proqramı tələbə və akademik heyətin Türkiyə ali məktəbləri ilə mübadiləsini həyata keçirir. Mevlana mübadilə proqramında iştirak etmək üçün tələbə ali məktəbin bakalavr, magistr və ya doktorantura pillələrində təhsil almalıdır. I kurs bakalavr pilləsində təhsil alan və hazırlıq mərhələsi keçən tələbələr birinci semestr ərzində proqramda iştirak edə bilməzlər.

 

Proqrama müraciət etmək üçün akademik transkript, müraciət forması, dil sertifikatı və tələbə biletinin surəti tələb edilir.

 

Proqrama uyğunluq göstəriciləri

 

Bakalavr pilləsinin tələbələri üçün orta qiymət göstəricisi 2,5/4 (62%), magistratura və doktorantura pillələri üçün isə orta qiymət göstəricisi ən azı 3,0/4 (75%) olmalıdır. Dəyərləndirmə zamanı, tələbələrin həm dil bacarıqları, həm də akademik göstəriciləri eyni dərəcədə nəzərə alınır. Tələbənin təhsil aldığı universitetdə tədris proqramda tələb olunan dildə olarsa, o zaman dil haqqında sertifikatın təqdim olunması tələb edilmir.

 

Akademik heyətin mübadiləsi


Mevlana proqramı çərçivəsində akademik heyətin mübadiləsi minimum 2 həftə, maksimum 3 ay müddətinə qədər mümkündür.