Kitabxana

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Əsaslı Kitabxanası 1920-ci ildə Bakı Texniki Məktəbinin nəzdində təşkil edilib. Həmin dövrdə onun kitab fondu 6500 nüsxə və oxucusu 300 nəfər olub.  

1925-ci ildən başlayaraq kitabxana fondu rus və azərbaycan dilli kitablarla yanaşı Qərbi Avropa dillərində olan kitablarla da komplektləşdirilməyə başlanıb. 

 

 

 

1940-cı il tarixə Əsaslı Kitabxananın kitab fondu 111.967 nüsxə kitab, 3544 nüsxə patent və standart, 1087 nüsxə texniki kataloq, 447 nüsxə xarici dillərdən tərcümə edilmiş ədəbiyyat və xeyli miqdarda jurnallardan ibarət olub. Sonrakı illərdə kitabxana tərəfindən ölkənin müxtəlif institut və şəhərlərinə humanitar yardım şəklində xeyli ədəbiyyat göndərilməsi ilə əlaqədar kitabxana fondu müəyyən qədər azalaraq 108.509 nüsxəyə enib. Ölkənin kitabxana işinin vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında qərarından sonra kitabxana işinin inkişafında yeni bir mərhələ başlanır. Belə ki, 1962/1963-cü tədris ilində kitabxana 55 min nüsxədən artıq kitab, jurnal və qəzet alıb.

 

Əsaslı Kitabxananın fondundan müxtəlif illərdə İnstitutun Sumqayıt, Gəncə, Mingəçevir, Şuşa filiallarına, Qroznı Neft İnstitutuna, tələbə-inşaat dəstələrinə külli miqdarda ədəbiyyat verilib.

 

Hazırda Əsaslı Kitabxana Azərbaycan Respublikasının “Kitabxana haqqında” qanunu, “Təhsil haqqında” qanunu, ADNSU-nun əmr və sərəncamlarını, 5 iyul 2016-cı il tarixində Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Ali təhsil müəssisələrinin kitabxanalarının Nümunəvi Əsasnaməsi” haqqında qərarını və 27 sentyabr 2016-cı il (protokol №1) tarixində ADNSU-nun Elmi Şurası tərəfindən təsdiq olunmuş “ADNSU-nun Əsaslı Kitabxanasının Əsasnaməsi” ni rəhbər tutaraq kitablar və digər sənəd növləri üzrə fondları formalaşdıraraq informasiya ehtiyatları yaratmaq, onları mühafizə etmək, həmin fondları özündə əks etdirən mükəmməl ənənəvi, elektron kataloq-kartoteka və biblioqrafik vəsaitlər sistemini təşkil etmək və daim inkişaf etdirməklə oxucuların istifadəsinə verməyə, onların informasiya tələbatını ödəməyə çalışır.

 

Kitabxanada müasir informasiya texnologiyalarının tətbiqinə xüsusi önəm verilir. Kitabxanada lokal kompüter şəbəkəsi yaradılıb, internetə çıxış təmin edilib. Portativ kompüterləri olan oxucular kitabxananın oxu zalından internetə simsiz əlaqə sistemi ilə qoşula bilir. Kitabxanada İRBİS64 Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi tətbiq edilir.

 

Əsaslı Kitabxananın Elektron kataloq bazasına (Audio kitablar) ADNSU-nun əməkdaşları tərəfindən çap olunmuş dərslik, dərs vəsaiti və fənn proqramlarından 876 adda elektron versiya daxil edilib. Bu elektron resurslar oktyabr ayından Əsaslı Kitabxananın oxu zalında oxucuların istifadəsinə verilib.

 

Elektron bazada həmçinin oxucular üzrə iş də aparılır. Tədris ilindən oxucuların kitabxanaya yazılışı elektron qaydada aparılır. Ümumilikdə kitabxananın oxucu bileti üzrə 6450 nəfər oxucusu var. Belə ki, tək sentyabr-oktyabr aylarında kitabxanaya 757 nəfər oxucu qeydiyyatdan keçmişdir ki, onların 652 nəfəri bakalavr, 98 nəfəri magistr, 7 nəfəri isə universitet əməkdaşlarıdır.

ADNSU-nun Əsaslı Kitabxanası zəngin və universal fonda malikdir. Burada nəşr tarixi 1820-ci ildən müasir dövrümüzədək gəlib çıxan Azərbaycan, rus, türk, ingilis, fransız, alman və s. dillərdə  800 minədək çap məhsulu var. Onların arasında yerli və xarici ölkələrin nəşriyyatları tərəfindən nəşr olunmuş nadir və miniatür kitablar, əlyazmalar, müxtəlif adda qəzetlər və jurnallar, elektron daşıyıcılar, ensiklopediyalar, lüğətlər, dissertasiyalar, avtoreferatlar və digər materiallar toplanıb.


Bütün bunlarla yanaşı 2016-cı ildə kitabxana fondundan “Kitabxana işi haqqında qanun”a və ADNSU-nun “Əsaslı Kitabxana fondundan məzmunca köhnəlmiş ədəbiyyatın silinməsi haqqında daima fəaliyyət göstərən komissiyanın yaradılması haqqında” əmrinə əsasən məzmunca köhnəlmiş, aktuallığını itirmiş, bərpası və istifadəsi mümkün olmayan nəşrlər silinmiş və aidiyyatı üzrə təhvil verilmişdir.

 

Bu gün də kitabxana fondu durmadan zənginləşir və aşağıdakı mənbələrdən komplektləşdirilir. Əsaslı kitabxanaya 2015-ci ildən Mahmudova Səlahət Durmuş qızı rəhbərlik edir.

 


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Əsaslı kitabxanası, Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu çərçivəsində oxuculara elektron infomasiya təminatçısı kimi fəaliyyət göstərir.