Card image cap

ADNSU-nun professoru Prezidentin fərdi təqaüdünə layiq görülüb

Oktyabrın 3-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professoru, texnika elmləri doktoru Kamal Abdullayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub:

 1. Azərbaycanda təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Kamal Mixman oğlu Abdullayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

 2. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

Kamal Abdullayev 1936-cı ildə Qusar rayonunun Əcəxür kəndində anadan olub. 1961-ci ildə o, Azərbaycan Neft və Kimya İnstitunu (ADNSU) bitirib. Professor K.Abdullayev 300-dən çox elmi əsərin, xarici ölkələrdə çap olunmuş 6 monoqrafiyanın, istilik energetikasına dair Azərbaycan dilində ilk dəfə çapdan çıxmış 10 dərsliyin, 20-dən çox elmi axtarışın müəllifidir.

Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə 2010-cu ildə alim Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunub.

Dünyanın bir neçə ölkəsinin Elmlər Akademiyasının üzvü seçilmiş Kamal Abdullayevin adı Amerikada çap olunmuş “XX əsrin məşhur alimləri” ensiklopediyasına düşüb. O ABŞ-ın “Elmin açarı” mükafatı ilə təltif olunub.

Energetikanın ekologiyası ilə bağlı axtarışları, kəşf və ixtiraları, tövsiyələrinə görə 2000-ci ildə Sankt-Peterburq Elmlər Akademiyasının M.V.Lomonosov adına mükafatına layiq görülüb. 60 nəfər elmlər namizədi, 5 nəfər elmlər doktoru yetişdirib.