Card image cap

“KAMAZ-master”-in əfsanəvi pilotu ADNSU tələbələri ilə görüşüb

Sentyabrın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Rusiya Federasiyasının əməkdar idman ustası, “DAKAR 2015” rallisinin qalibi, “İpək yolu” rallisinin ikiqat qalibi və “KAMAZ-master” komandasının əfsanəvi pilotu Ayrat Mardeyev ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan “Autograph” onlayn-nəşrinin baş redaktoru Natiq Zərbəliyev qonaqları salamlayaraq tələbələri əfsanəvi idman ustası ilə yaxından tanış edib. Məşhur idmançının ekstremal idman növünə olan marağı və bu sahədə qazandığı uğurlar haqqında A.Mardeyev ilə söhbət edib. Daha sonra ekstremal vəziyyətlərdə və yolsuzluq şəraitində keçirilən idman yarışlarında A.Mardeyevin və komandasının nümayiş etdirdiyi oyunların video görüntüsü göstərilib. Ralli oyunlarının görüntüsü gənclər  tərəfindən böyük həyəcan və maraqla izlənilib.

Tədbirin sonunda məşhur Ralli ulduzu tələbələri marqlandıran sualları cavablandırıb. Sonda maraqlı sualların sahibləri A. Mardeyev tərəfindən mükafatlandırılıb.

Qeyd edək ki, “KAMAZ-master” ekipajları 14 dəfə “Dakar” rallisinin qalibi olublar. Onlar idman yük maşınları sinfində dünya avtoidmanının ən güclü komandası kimi tanınır. Komandanın tərkibinə Dünya Kubokunun 5 sahibi, beynəlxalq dərəcəli 8 idman ustası daxildir.

Komandanın cari pilotu Ayrat Mardeyev və ekipajın bir neçə üzvü hazırda Bakıda səfərdədirlər. Ayrat Mardeyev Rusiya Federasiyasının “Əməkdar İdman Ustası” adına layiq görülüb, “Dakar 2015” rallisinin qalibi və “İpək Yolu” rallisinin ikiqat qalibidir.