Card image cap

“Kimya elmləri və texnologiyaları” III Beynəlxalq Türk Dünyası Konfransı iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri Cənab İlham Əliyevə müraciəti

Möhtərəm Prezident! 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi ili” elan olunması dünyada, xüsusilə də İslam dünyasında baş verən hadisələrin fonunda olduqca mühüm və tarixi qərar idi. İslam dünyasında həmrəyliyə böyük zərurət duyulduğu bir dövrdə türkdilli ölkələrin coğrafiyasında əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə söykənən inkişaf tendensiyasının müşahidə olunması Azərbaycan Respublikası, Türkiyə Cümhuriyyəti və digər türkdilli dövlətlərin qazandığı və qoruyub saxladığı zəngin sərvətdir. Türkiyə Cümhuriyyətinin Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyip Ərdoğanın ölkəmizə səfəri ərəfəsində işinə başlayan “Kimya elmləri və texnologiyaları” III Beynəlxalq Türk Dünyası Konfransı Sizin türkdilli dövlətlərin başçıları ilə birgə nail olduğunuz türk dünyasının qardaşlıq və birliyinə vermək istədiyimiz kiçik bir töhfədir.

Cənab Prezident! Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasında gerçəkləşdirilən və insanların daha yaxşı yaşamasına hədəflənmiş uğurlu iqtisadi islahatlar, neft-qaz siyasəti, qeyri-neft sektorunun tərəqqisinə və yüksək ixtisaslı insan kapitalının formalaşmasına yönəlmiş strategiyanız, eləcə də Türk Dünyasının monolitliyinə xidmət edən nəcib və uzaqgörən fəaliyyətiniz biz kimyaçı alimlərin də qarşısında müəyyən öhdəliklər qoyur. “Kimya elmləri və texnologiyaları” III Beynəlxalq Türk Dünyası Konfransı kimya elmləri və texnologiyaları üzrə müsəssisələri bir araya gətirən unikal platforma olub, bu sahənin mövcud vəziyyətinin təhlil olunması və müasir inkişaf tendensiyasının müəyyənləşdirilməsi baxımından böyük önəm kəsb edir. Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş nəhəng infrastruktur layihələr Sizin rəhbərliyinizlə gerçəkləşdirilmişdir. Bu layihələr Xəzər və Aralıq dənizini, Avropa ilə Asiyanı birləşdirmişdir, Qədim İpək Yolu artıq reallıqıdır. 

Zati-Aliləri! Sizin də vurğuladığınız kimi, Türk dünyası böyük dünyadır və biz də türk dünyasının alimləri olaraq Sizin bu istiqamətdə fəaliyyətinizi dəstəkləyir və elmi axtarışlarımız və nailiyyətlərimizdə onun uğurla davam etdirilməsi üçün səylərimizi əsirgəməyəcəyik.