Card image cap

ADNSU-da Kimya elmləri və texnologiyaları III Beynəlxalq Türk Dünyası konfransının açılış mərasimi keçirilib

Sentyabrın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Türkiyə Cümhuriyyətinin Sakarya Universitetinin birgə təşkilatçılığı ilə keçirilən Kimya elmləri və texnologiyaları III Beynəlxalq Türk Dünyası konfransı öz işinə başlayıb.

Konfransın açılış mərasimində ADNSU-nun rektoru, professor Mustafa Babanlı başda olmaqla fəxri qonaq qismində Azərbaycan Milli Elmər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik Dilqəm Tağıyev, Sakarya Universitetinin professoru Ahmet Tutar, universitetin professor-müəllim heyəti, millət vəkilləri Aydın Mirzəzadə, Hikmət Babaoğlu və media nümayəndələri iştirak edib.  

ADNSU-nun ev sahibliyi etdiyi beynəlxalq konfransın açılışında həmçinin Azərbaycan, Türkiyə Rusiya, o cümlədən Tatarıstan, Başqırdıstan Respublikalarından, Qazaxıstan, Türkmənistan, İraq, Pakistan, Bosniya və Hersoqovina, Qırğızıstan, Əlcəzair və digər ölkələrdən 300-ə yaxın alim, iştirak edib.

Rektor, professor Mustafa Babanlı belə bir irimiqyaslı elmi konfransın ADNSU-da keçirilməsinin ölkəmiz və universitet üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O türkdilli ölkələrin tanınmış kimyaçı alimlərinin bir araya gəlməsinin və təcrübə mübadiləsinin müasir kimya elminin inkişafına mühüm töhvə verəcəyinə ümid etdiyini vurğulayıb.

Sakarya Universitetinin professoru Ahmet Tutar konfransın elmi mübadilələr aparılması, görkəmli alimlərin perspektivli layihələrinin müzakirəsi, əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi baxımından əhəmiyyətini qeyd edib. O bildirib ki, 3-cü dəfə təşkil olunan beynəlxalq konfransın Azərbaycanda keçirilməsi bütün Türkdilli ölkələrin kimya elminə geniş pəncərə açacaq.

Konfransın işinə uğurlar arzu edən AMEA-nın vitse prezidenti, akademik Dilqəm Tağıyev konfransın elmi və tarixi əhəmiyyətini qeyd edib. Ölkəmizin kimya sahəsinin inkişafında yeni üfüqlər açıldığını deyən D.Tağıyev beynəlxalq əhəmiyyətli konfransın Bosniya və Herseqovina və Makedoniyadan sonra Azərbaycanda təşkil olunmasının bu inkişafa təkan verəcəyinə inandığını dilə gətirib.

Tədbirdə konfrans iştirakçılarının prezident İlham Əliyevə müraciət məktubu oxunub.

Sonra Millət vəkilləri Hikmət Babaoğlu və Aydın Mirzəzadə konfransın işinə uğurlar arzu edib və əhəmiyyətindən danışıblar. Konfrans iştirakçıları bu gün Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və “Türk əsgəri” abidəsini ziyarət edib, onların abidələri üzərinə əklil və gül dəstəsi qoyublar.

Konfrans 4 paralel seksiya iclaslarında iştirakçıların müxtəlif mövzular üzrə məruzələri ilə 3 gün davam edəcək.

Qeyd edək ki, konfrans çərçivəsində təşkil olunan seminarlarda kimya elmlərinin və texnologiyalarının mövcud vəziyyəti ilə yanaşı, bu sahədə qazanılmış yeni elmi nailiyyətlər, onun müasir inkişaf tendensiyasına dair məruzə və çıxışlar səslənib. Sayca 3-cü olan Beynəlxalq Türk Dünyası konfransının əsas məqsədi müxtəlif universitetlər, institutlar, cəmiyyətlər, agentliklər və s. qurumlardan olan kimya elmləri və texnologiyaları üzrə mütəxəssisləri unikal bir platformada toplamaq və onların bu sahədə olan dünyamiqyaslı ideyalarının paylaşmasını təmin etməkdir.