Card image cap

ADNSU-da Kimya elmləri və texnologiyaları III Beynəlxalq Türk Dünyası konfransı öz işinə başlayıb

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Türkiyə Cümhuriyyətinin Sakarya Universitetinin birgə təşkilatçılığı ilə keçirilən Kimya elmləri və texnologiyaları III Beynəlxalq Türk Dünyası konfransı öz işinə başlayıb.

ADNSU-nun ev sahibliyi etdiyi beynəlxalq konfransda Azərbaycan və Türkiyə ilə yanaşı Rusiyadan, o cümlədən Tatarıstan, Başqırdıstan Respublikalarından, Qazaxıstan, Türkmənistan, İraq, Pakistan, Bosniya və Hersoqovina, Qırğızıstan, Əlcəzair və digər ölkələrdən olan 300-ə yaxın alim iştirak edir. ADNSU-da keçiriləcək beynəlxalq konfrans, eləcə də konfrans çərçivəsində təşkil olunacaq seminarlarda kimya elmlərinin və texnologiyalarının mövcud vəziyyəti ilə yanaşı, bu sahədə qazanılmış yeni elmi nailiyyətlər, onun müasir inkişaf tendensiyasına dair məruzə və çıxışlar səslənəcək.

Sayca 3-cü olan Beynəlxalq Türk Dünyası konfransının əsas məqsədi müxtəlif universitetlər, institutlar, cəmiyyətlər, agentliklər və s. qurumlardan olan kimya elmləri və texnologiyaları üzrə mütəxəssisləri unikal bir platformada toplamaq və onların bu sahədə olan dünyamiqyaslı ideyalarının paylaşmasını təmin etməkdir.