Card image cap

ADNSU-da “Davamlı urbanizasiyada liderlik” mövzusunda seminar keçirilib

Sentyabrın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) dünyanın aparıcı tələbə təşkilatlarından olan “oikos Baku”-nun təşkilatçılığı ilə “Davamlı urbanizasiyada liderlik” mövzusunda seminar keçirilib. Tədbir Bakıda ilk dəfə baş tutan Beynəlxalq Mərkəzi və Şərqi Avropa Regional iclasının 6-cı seminarı çərçivəsində baş tutub. Gənc liderlərin potensialını inkişaf etdirmək və onlara gələcəkdə lazım olacaq daha üstün praktiki imkanlar təklif etməklə urbanizasiyanın cəmiyyətdə doğurduğu çətinliklərlərlə mübarizə aparmaqda yardımçı olacaq biliklər aşılamaq məqsədilə keçirilən seminar sentyabrın 10-na kimi davam edəcək. Üç  gün davam edəcək seminarda iştirakçılara konkret nümunələr göstərilərək davamlı urbanizasiyada liderlik potensialını genişləndirmək və urbanizasiya problemlərini həll etmək üçün konkret yollar göstərilməsi nəzərdə tutulub. Xatırladaq ki, seminarlarda 20 beynəlxalq, 20 yerli və 10 nəfər “oikos” üzvü olmaqla 50 nəfər nümayəndə iştirak edəcək.

“oikos” təşkilatı dayanıqlı inkişaf konsepsiyasını irəli sürən beynəlxalq tələbə təşkilatlarından biridir. Təşkilatın 21-dən cox ölkədə 40-a yaxın yerli şöbələri fəaliyyət göstərir. “oikos” beynəlxalq birliyinin 1000 tələbə və 3000-dən çox məzundan ibarət professional komandası 50000 tələbə və gənci əhatə edir.