Card image cap

“ADNSU Yay məktəbi 2017” başa çatıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Beynəlxalq əməkdaşlıq şöbəsinin və Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təşkilatçılığı ilə keçirilən “ADNSU Yay məktəbi 2017” başa çatıb.

31 iyul-11 avqust tarixlərində keçirilən yay məktəbində Almaniya, Türkiyə, Peru, İtaliya və Azərbaycandan olan 21 nəfər tələbə yerli mütəxəssislər tərəfindən “Post-neft dövrünün iqtisadiyyatı” mövzusunda mühazirələrdə iştirak edib və eyni mövzuda çıxışlar ediblər.

Yay məktəbi ərzində akademik hissədən başqa iştirakçılar üçün mədəni tədbirlər də təşkil olunub. İştirakçılar Səngəçal terminalı, Bibiheybətdə dünyada sənaye üsulu ilə qazılan ilk neft quyusunun yerləşdiyi məkan, İçərişəhər, Heydər Əliyev Mərkəzində olub, eləcə də Şəki şəhərinə təşkil olunan ekskursiyada iştirak ediblər.

Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Cəmilə İsmayılzadə “ADNSU Yay məktəbi 2017”-nin uğurla başa çatdığını bildirib. İki həftə ərzində müxtəlif mühazirələrdə və bir sıra mədəni tədbirlərdə iştirak edən yay məktəbinin iştirakçıları ölkəmizi Azərbaycan iqtisadiyyatı, mədəniyyəti haqqında çox dəyərli məlumatlarla tərk ediblər. C.İsmayılzadə yay məktəbinin gələn il də keçirilməsinin planlaşdırıldığını qeyd edib.

Qeyd edək ki, “ADNSU Yay məktəbi 2017” 31 iyul-11 avqust tarixlərində Şüvəlan qəsəbəsində A.S.Makarenko adına Humanitar Fənnlər Gimnaziyasında keçirilib. Yay məktəbinin maliyyə xərcləri DAAD tərəfindən qarşılanıb.